Kömək mərkəzi

CRM: müştərilər, seqmentlər, mesajlar və avtomatlaşdırma

Müştəri bazası kassadan, qoşulma QR-ından, idxaldan və əl ilə özü yığılır. Mesajlar yalnız AdsPog tətbiqindəki, sizə razılıq vermiş müştərilərə gedir.

Müştərilər

CRM → Müştərilər səhifəsində hər müştərinin nömrəsi (C-0001), mənbəyi, teqləri, ziyarətləri və son aktivliyi var. Müştəri özü əlavə olunur: kassada kart ilk dəfə skan ediləndə, ilk alışda, qoşulma QR-ı ilə qoşulanda, tətbiqdən rezervasiya və ya sorğu göndərəndə.

  • Mənbələr: Alış, Kart, Filial QR, QR, Forma, Əl ilə, İdxal.
  • AdsPog tətbiqindən gələn müştərinin adı maskalanır, telefon və e-poçtu sizə verilmir. Kontakt yalnız sizin özünüzün əlavə etdiyi və ya idxal etdiyi müştəridə olur.
  • Profildə Tarixçə (alışlar, möhürlər, xallar, təkliflər, qoşulma), Qeydlər, Teqlər, Məsul şəxs, mesaj razılıqları və satış, tapşırıq, sorğu, rezervasiya vərəqləri var.
  • Əl ilə əlavə etmək üçün Yeni müştəri, siyahıdan çıxarmaq üçün profildə Arxivləşdir. Arxivlənən müştərinin tarixçəsi qalır.
Müştəri profili: biznes xalı, alışlar, razılıqlar, tarixçə və qeydlər
Müştəri profili · demo məlumatlar

İdxal və eksport

  1. Excel cədvəlini CSV kimi saxlayın (UTF-8, vergül və ya nöqtəli vergül). Birinci sətir başlıqlar olmalıdır: Ad, Telefon, Email. Fayl 2 MB və 5 000 sətirə qədər ola bilər.
  2. Müştərilər səhifəsində CSV idxal et basın və faylı seçin.
  3. Hər sütun üçün sahə seçin. Ad mütləqdir.
  4. Təkrarlar: Telefona görə birləşdir, Emailə görə birləşdir və ya Yoxlamadan hamısını əlavə et. Birləşdirmədə uyğun müştəri yenilənir, yenisi yaranmır.
  5. İdxal et basın. Nəticədə neçə müştərinin yarandığı, yeniləndiyi və ötürüldüyü yazılır.

Eksport düyməsi müştəri kontaktlarını CSV faylına çıxarır. Bunu sahib və menecer edə bilər, hər eksport audit jurnalına yazılır. AdsPog tətbiqindən gələn müştərilər faylda kontaktsız olur.

Seqmentlər və RFM

Seqment şərtə uyğun müştərilərin özü yenilənən siyahısıdır. Gəliş dedikdə Bakı vaxtı ilə bir gündə edilən alış və ya kart əməliyyatı nəzərdə tutulur.

  • Yeni: ilk dəfə son 30 gündə gəlib. Daimi: son 90 gündə ən azı 3 gəliş. Uzaqlaşan: ən azı 2 dəfə gəlib, son 60 gündə gəlməyib.
  • Ən çox xərcləyənlər: son 180 gündə ən çox xərcləyən 20 %. Hədiyyəyə yaxın: hədiyyəyə 1 möhür qalıb və ya xalı hədiyyəyə çatmaq üzrədir. Kodu istifadə etməyib: kodu götürüb, istifadə etməyib.
  • Hər kampaniya və filial üçün də hazır seqment var: ilk dəfə həmin kampaniya ilə və ya həmin filiala gələnlər.
  1. Öz seqmentiniz üçün Yeni seqment basın.
  2. Şərt əlavə et ilə şərtlər qurun: son gəlişdən keçən gün, gəliş sayı, xərclənən məbləğ, teq, mənbə, filial, hədiyyəyə qalan möhür, biznes xalı və başqaları.
  3. Bütün şərtlər və ya İstənilən şərt seçin. Panel neçə müştərinin uyğun gəldiyini dərhal göstərir. Seqmenti yarat basın.
Seqmentlər: hazır qruplar müştəri sayı ilə və öz seqmentləriniz
Seqmentlər səhifəsi · demo məlumatlar

RFM analizi son 180 günü götürür: R son gəlişdən keçən vaxtdır, F gəliş sayıdır, M xərclənən məbləğdir, hər biri 1-dən 5-ə qədər. Müştərilər yeddi qrupa bölünür: Çempionlar, Sadiq müştərilər, Potensial sadiqlər, Yeni müştərilər, Risk altında, Yuxuda olanlar, İtirilmiş. Cədvəldə xanaya basanda həmin müştərilərin siyahısı açılır.

Söhbətlər və şablonlar

  1. Müştərinin profilində Mesaj yaz basın, mətni yazıb göndərin. Bütün yazışmalar Kommunikasiya → Söhbətlər səhifəsində toplanır, kampaniya mesajlarına gələn cavablar da.
  2. Tez-tez göndərilən mətnlər üçün Şablonlar səhifəsində Yeni şablon yaradın. Dəyişənlər hər müştəri üçün özü dolur: ad, biznes, xal, qalan möhür, kod, filial. Dəyər yoxdursa, boş qalır.

Müştəri son 7 gündə sizə yazıbsa, razılığı olmasa da ona cavab vermək olar. Mesajlaşmanı söndürmüş müştəriyə isə heç vaxt yazmaq olmur.

Kampaniya mesajları

Kampaniya mesajı seçdiyiniz seqmentə gedən tətbiqdaxili mesaj və push bildirişdir. Bunun üçün Kütləvi mesaj icazəsi lazımdır: sahib, menecer və marketinq rolları.

  1. Kommunikasiya → Kampaniya mesajları səhifəsində Yeni kampaniya mesajı basın.
  2. Auditoriya: hazır seqment, öz seqmentiniz və ya RFM qrupu.
  3. Mesaj: Şablondan və ya Özüm yazım. İstəsəniz Keçid əlavə edin: mesaja toxunanda tətbiqdə açılacaq səhifə.
  4. Kanallar: tətbiqdaxili mesaj həmişə gedir, Push bildiriş isə seçimdir.
  5. Yoxla və göndər: Kimə çatacaq hissəsi mesajı neçə nəfərin alacağını və qalanlarının niyə almadığını göstərir. İndi göndər və ya Planla seçin.
Kampaniya mesajı, Kanallar addımı: tətbiqdaxili mesaj və push
Kampaniya mesajı, yoxlama addımı və kimə çatacağı · demo məlumatlar

Göndərilmiş mesajı geri qaytarmaq olmur, planlanmışı vaxtı çatana qədər ləğv etmək olar. 22:00 ilə 09:00 arası seçilən vaxt səhər 09:00-a keçir. Auditoriya göndəriş anında hesablanır. Nəticədə göndərilən, çatdırılan, açılan, klik, cavab və imtina sayları görünür.

Avtomatlaşdırma

Avtomatlaşdırma hadisə baş verəndə özü işləyən qaydadır: mesaj göndərir, tapşırıq yaradır, sorğunu əməkdaşa təyin edir və ya teq əlavə edir.

  1. Kommunikasiya → Avtomatlaşdırma səhifəsində Hazır reseptlərdən birini seçib İstifadə et basın və ya Sıfırdan yarat.
  2. 1. Nə vaxt: ilk alış, hər alış, QR ilə qoşulma, hədiyyəyə 1 möhür qalanda, bir neçə gün gəlməyəndə, kodun vaxtı bitəndə, yeni sorğu, tərpənməyən sövdələşmə.
  3. 2. Şərtlər istəyə bağlıdır, seqment şərtləri kimi qurulur. 3. Nə etsin və 4. Nə qədər sonra seçin.
  4. Aktivdir açarını yandırıb yadda saxlayın. Yeni avtomatlaşdırma söndürülmüş yaranır.
Avtomatlaşdırma: hazır reseptlər və aktiv qaydalar
Avtomatlaşdırma səhifəsi · demo məlumatlar

Mesaj göndərən avtomatlaşdırma da razılıq qaydalarına, push limitlərinə və sakit saatlara əməl edir. Bir hadisə üçün qayda bir dəfə işləyir. İcra tarixçəsi hər işləməni və ötürülmə səbəbini göstərir, məsələn mesaja razılıq yoxdur.

Satış, tapşırıqlar, sorğular və rezervasiyalar

  • Satış: sövdələşmələr lövhədə mərhələ-mərhələ irəliləyir: Yeni, Əlaqə, Ehtiyac, Təklif, Qərar, sonda Qazanıldı və ya İtirildi. İtirilən sövdələşmə üçün səbəb yazılır. Mərhələləri Mərhələləri tənzimlə ilə dəyişmək olar.
  • Tapşırıqlar: müştəri, sövdələşmə və ya sorğuya bağlı işlər, icraçı və son tarixlə. Gecikən tapşırıqların sayı menyuda görünür.
  • Sorğular: müştərilər tətbiqdə biznes səhifənizdən Müraciət et ilə yazır. Cavab müştəriyə gedir, Daxili qeyd yalnız komandaya görünür. Cavab müddəti 48 saatdır, səhifənin yuxarısında dəyişmək olar.
  • Rezervasiyalar: Rezervasiyaları aç basın, xidmətləri və ən çox qonaq sayını yazın. Tətbiqdə Rezervasiya et düyməsi görünür. Tətbiqdən gələn rezervasiya təsdiq gözləyir. Təsdiqləyəndə və ya ləğv edəndə müştəri bildiriş alır. Telefonla gələn rezervasiyanı Yeni rezervasiya ilə yazın.

Kommunikasiya hesabatı

Hesabatlar → Kommunikasiya kanallar, kampaniya mesajları və avtomatlaşdırmalar üzrə göndərilən, çatdırılan, açılan, klik edilən, cavablanan mesajları və imtinaları göstərir. Çatdırılıb o deməkdir ki, müştərinin tətbiqi mesajı alıb və ya push bildiriş qəbul olunub.